Giriş
Reallıq odur ki (nə qədər də bir çoxları bunu qəbul etmək istəməsə də), Azərbaycanda mülki proses nizamsız, bir qədər “kim nə vaxt gəldi, nə gəldi danışır” bir prosesdir. Bunun səbəbi (və həlli) heç də hakimin “ciddiliyi” (adətən bunu anladığımız mənada) və sair kimi oxşar məsələlərlə bağlı deyil. Məsələ prosesin özünün strukturundadır. Müqayisə üçün götürün cinayət prosesini – orada heç kim nə vaxt gəldi, nə gəldi danışmır. Çünki cinayət prosesində prosesin bəlli bir strukturu vardır.
Mülki prosesdə normal strukturun bərqərar olması üçün bir sıra Mülki Prosessual Məcəlləsində (MPM) mövcud olan prinsiplərin sistemli və kompleks tətbiqi lazımdır. Bu zaman məhkəmə praktikası böyük rol oynayır. Bu prinsiplərin ikisi barədə burada söhbət açacayıq: 1) sübutların təqdim edilməsi, və 2) sübutların mümkünlüyü.
Sübutların təqdim edilməsi
Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə 2021-ci ildə dəyişiklik edilmişdir. Əgər düzgün tətbiq edilərsə bu mülki prosesdə ciddi dəyişiklik yaratmalıdır. Bu maddə Azərbaycan mülki məhkəmədə sistemində demək olar ki, Anqlo-Sakson hüquq sistemində olan “pre-trial” kimi (tam da eyni deyildir) ayrıca bir mərhələnin təklmilləşməsinə gətirib çıxarmalıdır.
Əvvəlki redaksiyada belə idi: “Sübutlar işdə iştirak edə şəxslər tərəfindən birinci instansiya məhkəməsində təqdim edilir”. Sübutun icraatın hansı mərhələsində təqdim edilməsi barədə məhdudiyyət olmadığı üçün tərəf istənilən vaxt sübut təqdim edə bilərdi. 78.1-ci maddənin yeni redaksiyasına əsasən bütün sübutlar “işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər” birinci instansiya məhkəməsində təqdim edilməlidir. Bu qaydadan bəzi istisnalar var, ancaq hazırda onlar müzakirə obyekti deyil.
78.1-ci maddənin tətbiqi onunla nəticələnməlidir ki, şəxs əsasən hazırlıq mərhələsində sübutları təqdim etməli olur. Bu o deməkdir ki, o, əvvəlcədən sübutları toplamalı və mahiyyət üzrə baxışa qədər məhkəməyə təqdim etməlidir.
Sübutların konkret olaraq necə təqdim edilməsi Məcəllədə ətraflı formada tənzimlənmir – məhkəmələr müəyyən praktika vasitəsi ilə bu məsələni tənzimləyə bilərlər. Tərəf istənilən formada sübutları təqdim edə bilər.
Ancaq prosesin nizamlı olması üçün məhkəmə prosesi bu formada idarə edə bilər: (i) tərəf ərizə təqdim etməli, (ii) ərizəyə əlavə oluna bilən sübutlar əlavə olunmalı, (iii) şahidlərin adları və ünvanları və barəsində ifadə verəcəyi məsələ göstərilməli (əgər daha əvvəl təqdim edilməmişdirsə), (iv) həll edilməli olan məsələlər – digər tərəfdən sübutların istənilməsi, sübutların təmin edilməsi və sair – məsələlər göstərilməlidir.
Qeyd: MPM-in 149-cu və 154-cü maddələrinə əsasən müvafiq olaraq iddia ərizəsində və etirazda sübutların siyahsı göstərilməlidir. Daha konkret tələblər vardır – misal üçün, şahidlərin siyahısını göstərmək. Bu o deməkdirmi ki, tərəflər məhz bu sənədlərdə göstərilməyən sübutları sonrada məhkəməyə təqdim edə bilməzlər? Hesab edirik ki, bu suala “bəli” cavabı versək bu MPM-in bir sıra maddələrinə, o cümlədən 78-ci maddəsinə zidd olar. İkincisi, tərəflər üçün ağır nəticəyə səbəb olar çünki, bəzi hallarda sübutlar hazırlıq prosesində “yığılır”.
Sübutların mümkünlüyü
MPM-də sübutların mümkünlüyü barədə 81-ci maddədə yalnız bir tələb göstərilmişdir. Hesab edirik ki, sübutların mümkünlüyü (İngilis hüququnda “admissibility” ilə konseptual oxşardır) daha çox tələbləri özündə ehtiva edir – bu da MPM-də irəli gəlir. O cümlədən: (i) sübutlar qanunun tələblərinin pozulması əldə edilmiş olmamalı (MPM-in 76.3-cü maddəsi), (ii) sübutlar iş üçün əlaqəli və əhəmiyyətli olmalı (MPM-in 80-ci maddəsi), və (iii) 81-ci maddədə göstərilən tələb tətbiq edilməli. Konkret sübutlardan asılı olaraq digər tələblər də ola bilər.
Əgər sübut mümkünlük meyarına cavab vermirsə, məhkəmə nə etməlidir?
Bu sualın birbaşa cavabı MPM-də göstərilməmişdir (MPM-in 80-ci maddəsi istisna olmaqla). MPM-ə əsasən işdə iştirak edən şəxslər və vəkillər o cümlədən etirazlar verə, vəsatətlərə etiraz edə bilərlər. Bunların nə qədər sübutlara etiraz etmək hüququnu ehtiva etməsi tam olaraq aydın deyildir. Sübutun növündən asılı olaraq müəyyən istisnaları nəzərə almaqla (misal üçün, şahid ifadələrini şahid ifadə verən zaman təhlil etmək olar), əgər sübut mümkünlük tələblərinə cavab vermirsə, o ümumiyyətlə məhkəmədə qəbul edilməməlidir – yəni hakim tərəfindən qəbul edilməməli və işin materiallarına əlavə edilməlidir. Əks halda məsələ sübutun mümkünlüyü deyil, onun qiymətləndirilməsi məsələsinə çevrilir. Tərəflər belə sübutu mahiyyət üzrə müzakirə etməməlidirlər. Sübutun qiymətləndirilməsi yalnız qəbul edilən (mümkün sayılan) sübutlar barədə olmalıdır. Bu MPM-in bir sıra maddələrindən, o cümlədən 76.1-ci və 88-ci maddələrindən irəli gəlir.
İki prinsipin – 78.1 və mümkünlük meyarlarının – tətbiqi
Təsəvvür edin ki, bir tərəf hazırlıq prosesi zamanı sübutları təqdim edir və digər tərəf bu sübutlara baxır. Digər tərə görür ki, onlar arasında mümkünlük tələblərinə cavab verməyən sübutlar vardır. Tərəf həmin sübuta qarşı etiraz edir və sübutlar siyahısından çıxarılmasını tələb edir. Hakim etirazı həll etməlidir. Bunlar hamısı çəkişmə prinsipi nəzərə almaqla aparılır. Bu zaman tərəflər məcbur digər sübut və məlumatlar tələb edə bilərlər, və sair. Nəticədə hazırlıq prosesi sadəcə formal mərhələ deyil, sübutların toplanması və mübahisələndirilməsini ehtiva edən müstəqil bir mərhələ kimi çıxış etmiş olur (əgər düzgün tətbiq edilərsə). Bu da normaldır və arzuolunandır, çünki: 1) bu zaman tərəflərə bəlli olur ki, sonda məsələ sübut əsasında həll olunacaqdır, və 2) bəri başdan bilinir ki, hansı sübutlar tədqiq olunacaqdır və əhəmiyyətsiz çıxışlar üçün yer azalır.
Əlbəttə ki, hakimin prosesi idarə etməsi çox vacibdir. Bu da bilik və bacarıq tələb edən məsələdir. Bir çox hallarda hakimin “ciddiliyi” deyil, onun hansı məsələnin əhəmiyyətli olmasını bilməsi və tərəflərə bildirməsi, tərəflərə düzgün mesaj verməsi (yəni hər şey təqdim edilən sübut əsasında həll olunur) kimi məsələlər daha böyük əhəmiyyət kəsb edir.
_____________
Qeyd: Anqlo-Sakson hüquq sistemində sübutların mümkünlüyü ona görə də vacibdir ki, orada fakt üzrə qərar verən peşəkar hüquqşünas olmayan vətəndaşlar olur – andlı iclasçılar. Kontinental hüquq sistemində qəbul edilir ki, hakim təcrübəli hüquqşünasdır və adi vətəndaşdan (andlı iclasçıdan) fərqli olaraq nəyin düz, nəyin səhv olduğunu ayırd edə bilər. Sonuncu amil heç də MPM-in tələblərinə zidd hərəkət etmək üçün əsas deyildir. Ən əsası isə, mümkün olmayan sübutun hətta peşəkar hüquqşünas olan hakim tərəfindən qəbul edilməsi və tərəflərin onu müzakirə etməsi mənfi nəticələrə gətirib çıxara bilər. Məhkəmə prosesi insan faktorunda asılıdır – hakim heç də həmişə mahiyyət üzrə müzakirə edilən və ya edilməyən sübuta eyni münasibət bəsləyə bilməz (yəni “bu sübut müzakirə olunsaydı belə, bu hakimi çaşdırmazdı” həmişə olmur). İkincisi, qəbul edilməyən sübut hər hansı faktı və ya halı nə isbat etmir və nə də inkar etmir və müvafiq olaraq hakimə bunları etməyə imkan vermir.
Ehtiyyatlıq barədə qeyd (Word of caution)
Əlbəttə ki, sübutların mümknülüyünün müzakirəsi bəzi hallarda onun mahiyyət üzrə (misal üçün, filan sənəd filan məsələni təsdiq edir və ona görə iş üçün əhəmiyyətlidir və digəri də deyir ki, təsdiq etmir və hər tərəf səbəbləri göstərir) mazakirəsinə gətirib çıxara bilər. Digər tərəfdən işi mahiyyət üzrə müzakirə etmədən bəzən hansı sübutun iş üçün əhəmiyyətli olub-olmadığını tam olaraq bilmək olmur, hərçənd əksər hallarda bu bəllidir. Ona görə, misal üçün, əlaqəlilik və əhəmiyyətlilik meyarı kimi meyarlar bir qədər ehtiyyatla tətbiq edilməlidirlər. Xüsusən, əgər açıq aşkar sübut açıq aşkar əhəmiyyətsiz deyilsə, sübut əlaqəlilik və əhəmiyyətlik meyarlara cavab vermiş hesab edilməlidir.