Azərbaycanın mülki prosessual qanunvericiliyinə əsasən bir qayda olaraq məhkəmə işi iddia ərizəsinin təqdim edilməsi ilə başlayır. Ancaq bəzi hallarda tərəflər iddianın təqdim edilməsindən əvvəl mübahisəinin həllinə yönələn müəyyən tədbirlərin görülməlidirlər. Xüsusən Mülki Prosessual Məcəlləyə əsasən tərəflər arasındakı müqavilədə mübahisənin “məhkəməyə qədər (pretenziya qaydasında)” həllinə dair şərt olduqda, müqavilə ilə bağlı mübahisə üzrə iddia ərizəsi bu prosedura riayət edilməsindən sonra təqdim edilə bilər (baxın xüsusən MPM-in 4.3 və 149.2.4-cü maddələrinə). Bu xüsusən bizines müqavilələri üçün aktualdır (şübhəsiz ki, digər müqavilələr üçün də əhəmiyyəli ola bilər). Belə müqavilələrdə adətən mübahisənin məhkəməyə təqdim edilməsindən əvvəl mübahiənin danışıqlar yolu ilə həllinə dair müddəa olur. Ancaq heç də bütün bu kimi müddəalar “məhkəməyə qədər (pretenziya qaydasında)” mübahisənin həllinə dair razılıq hesab edilməyə bilər. Nümunə olaraq aşağıdakı maddəyə nəzər yetirək:
“Tərəflər bu müqavilə və ya onun icrası ilə bağlı aralarında yaranan hər hansı mübahisəni danışıqlar yolu ilə həll etməyə çalışmalıdırlar. Əgər 30 gün ərzində mübahisə danışıqlar yolu ilə həll edilməsə, o zaman tərəflərdən hər hansı biri mübahisəinin həlli üçün səlahiyyətli məhkəməyə müraciət edə bilər”.
Belə bir müddəanın “məhkəməyə qədər (pretenziya qaydasında)” mübahisənin həlli mexanizmi hesab edilib-edilmədiyi barədə sual yarana bilər. Əgər hesab edilməzsə, o zaman tərəflər bu maddəyə riayət etmədən məhkəməyə müraciət edə bilərlər (bəzi hallarda ilk növbədə mediasiyaya). Biz (yəqin bir çoxları kimi) bu maddənin Mülki Prosessual Məcəllədə nəzərdə tutulan “məhkəməyə qədər (pretenziya qaydasında)” həlli barədə razılığı ehtiva etdiyi fikrində olmuşuq. Ancaq Azərbaycanda, o cümlədən yuxarı instansiya məhkəmələrində belə bir mövqe vardır ki, müqavilədə danışıqlar barədə razılaşmanın mübahisənin “məhkəməyə qədər (pretenziya qaydasında)” həlli mexanizmi sayılması üçün müqavilənin müvafiq maddəsində tələbin təqdim edilməsi şərti nəzərdə tutulmalıdır. Onlar xüsusən “pretenziya” ifadəsinə diqqəti yönəldir və hesab edirlər ki, bu ifadə tələbin təqdim edilməsini ehtiva edir. Belə nəticə çıxarmaq olar ki, prosessual qanunda göstərilən məhkəməyə qədər həll barədə razılıq maddəsi təqribən belə olmalıdır:
“Tərəflər bu müqavilə və ya onun icrası ilə bağlı aralarında yaranan hər hansı mübahisəni danışıqlar yolu ilə həll etməyə çalışmalıdırlar. Bu məqsədlə bir tərəf digərinə əsaslandırılmış yazılı tələbini təqdim etməlidir. Əgər belətələbin təqdim edilməsindən sonra 30 gün ərzində mübahisə danışıqlar yolu ilə həll edilməzsə, o zaman tərəflərdən hər hansı biri mübahisəinin həlli üçün məhkəməyə müraciət edə bilər”.
Bizim fikirlərimizdən asılı olmayaraq müqavilə tərtib edən zaman məhkəmələr arasında olan bu mövqeyi nəzərə almaq faydalı olar.
Bununla belə prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələbindən asılı olmayaraq istənilən danışıq aparmaq barədə müqavilə maddəsi tərəflər üzərində müəyyən öhdəlik yaradır və belə bir maddənin özü-özülüyündə etibarsız olmasına dair əsas mövcud deyildir (bildiyimiz qədər). Mülki qanunvericiliyin prinsipi də budur ki, bir şəxs digəri qarşısında öhdəliyini pozarsa, bir qayda olaraq digər şəxs bunun nəticəsində ona dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Deməli müqavilədə danışıqlar aparmaq barədə müddəa prosessual qanunvericilikdə göstərilən mübahisənin “məhkəməyə qədər (pretenziya qaydasında)” həlli barədə razılaşma sayılmasa belə, danışıqlar aparmaqdan boyun qaçıran tərəf öhdəliyini pozmuş hesab edilə və bunun nəticəsində digər tərəfə dəyən zərəri ödəməli ola bilər.