Görəsən heç kəs Konstitusiya Məhkəməsinin qərarlarını təhlil edib bir məqalə çap etmək istəmir? Mən bir dəfə uzun müddət əvvəl (təqribən 2005-ci ildə) bir məqalə yazmışdım, mənə elə gəlir ki, ondan sonra bu Məhkəmənin hakimləri mənim adımı belə eşitmək istəmirlər.
Düşünürəm ki, nə qədər Konstitusiya Məhkəməsinin qərarlarının müzakirəsi olarsa, o cümlədən tənqidi formada, o qədər həm Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi üçün daha səmərəli olar. Tənqiddə pis heç nə yoxdur! Siz qorxun o hallardan ki, orada tənqid yoxdur….
Şübhəsiz ki, 2005-ci ildən bu günə Konstitusiya Məhkəməsi müəyyən inkişaf yolunu keçmişdir – ən azından digər məhkəmələrə nisbətdə normal məhkəmə kimi fəaliyyət göstərir. Ancaq bu kifayət deyildir. Problemlərdən də biri odur ki, yalnız çox nadir hallarda onun qərarları müzakirə və tənqid olunur – bizdə bu mədəniyyət hələ yaranmayıbdır. Bunu kompleks səbəbləri vardır və düşünürük problemin kökü ümumi məhkəmə-hüquq sistemi və bu sistemə cəmiyyətin inamı ilə bağlıdır.
Bunları nəzərə alaraq Məhkəmənin qərarları barədə bir sıra məsələləri qeyd etmək istərdim:
Qərarların yazılışı
Bir çox qərarlarda Məhkəmə ümumi və uzun müzakirələrə yol verir. Bir çox hallarda bu müzakirələr məsələnin həllində ciddi rol oynamır (bəzən ümumiyyətlə heç bir rol oyanmırlar). Bəzən həddən artıq uzun cümlələr, bir-biri ilə əlaqəsi tam da aydın olmayan paraqraflar və sair kimi yazılış problemləri qərarları oxumaq və anlamaqda ciddi çətinlik yaradır. Bu fikri daha yaxşı izah etmək üçün Məhkəmənin son qərarlarından biri üzərində işlədim. Bu qərarı seçməkdə heç bir xüsusi səbəb yoxdur, sadəcə Məhkəmənin konkret iş üzrə verdiyi son qərardır.
Burada siz heç bir dəyişiklik edilməyən qərarı ilə tanış ola bilərsiniz. Burada təklif etdiyimiz dəyişikliklər (“track changes” funksiyasında istifadə edərək) və bir sıra aydın olmayan məqamlarla bağlı qeydlər (“comment” formasında). Nəhayət, burada dəyişiklik edilmiş “təmiz” versiya ilə tanış ola bilərsini – bunu müqayisə edin əvvəli versiya ilə. Fərq görsənir?
Diqqət çəkən məqamlardan biri Məhkəmənin tez-tez Avropa İnsan Haqqları Məhkəməsinin qərarlarına istinad etməsidir. Misal üçün, təhlil etdiyimiz bu işdə Məhkəmə Ryabıx Rusiyaya qarşı işə istinad edir. Ancaq bu iş ilə Ryabıx işi arasında əlaqə o qədər də sıx deyildir. Ryabıx işində problem bir məhkəmə işinin məhkəmə instansiyalarında sonsuz aşağı-yuxarı (kasasiyadan bir neçə dəfə aşağı enməsi) gedib-gəlməsi idi. “Biləcəri Təmir Quraşdırma” QSC-nin işinin faktları və bu faktların ortaya qoyduğu konkret problem Ryabıx işində olan konkret problem ilə eyni deyildir. Əlbəttə ümumi prinsip orada da bəyan olunur. Ancaq o prinsipləri bəyan etmək üçün KM-ya AİHM-in qərarına istinad etməyə ehtiyac yoxdur.
Məhkəmənin qərarlarında işin birbaşa həllinə yönəlməyən və ya həlli nöqteyi nəzərindən zəruri olmayan çox sayda təsvirlər, ifadələr və müzakirələrə rast gəlmək olur. “İşin həlli” demişkən, ümumən bizim üçün qızıl qayda budur:
Yalnız o sözləri yazın ki, işin həlli üçün kifayət qədər əhəmiyyətli olsun və ona obyektiv olaraq ehtiyac olsun
Əlbəttə bunu riyazi dəqiqliklə müəyyən etmək olmur, ancaq çox hallarda geniş prinsiplərin bəyan edilməsindən, və yaxud geniş şəkildə müzakirəsindən qaçmaq olar.
Qərarlarda tez-tez uzun cümlələrə rast gəlmək olur. Biz anlayırıq ki, Məhkəmə qərarı hüquqi sənəddir. Bunda heç bir şübhəmiz yoxdur. Ancaq bu qədər uzun cümlələrə heç bir ehtiyac yoxdur. Ümumən əgər “və” sözü işlədilən yerlər fikir versək, görərik ki, əksər hallarda cümləni elə orada bitirib, yeni cümlə başlamaq olar.
Bu 60-cı maddə
Məndə həmişə belə sual yaranıbdır: Məhkəmə Konstitusiyanın bu 60-cı maddəsindən nə istəyir? Konstitusiyada başqa maddə yoxdur?
Əslində Məhkəmənin 60-cı maddəyə istinad etməsi müəyyən problemi üzrə çıxarır. O deməkdir ki, Məhkəmə hələ konstitusiya icraatı prosesində ümumən Konstitusiyadan istifadə etməsində ciddi dəyişiklik etməli və onu inkişaf etdirməlidir.
Artıq irəli getmək vaxtıdır….
Bu qədər geniş istifadə olunmasında baxmayaraq, mən hələ də anlaya bilmirəm ki, konkret olaraq hansı prinsip (yenə də konkret, geniş şəkildə deyil) 60-cı maddənin əsasını təşkil edir. Təhlil etdiyim “Biləcəri Təmir Quraşdırma” QSC-nin işi əsasında çalışdım ki, Məhkəmənin mövqeyini anlayım (bilmirəm nə qədər düz başa düşmüşəm) və bu formada qeyd etdim:
“Əlavə olaraq, Konstitusiyanın 60-cı maddəsi tələb edir ki, işə baxan məhkəmələr iş üçün əhəmiyyətli olan halları, xüsusən tərəflərin müraciətlərində əks olunan halları araşdırsınlar. Əlbəttə ki, bütün halları eyni dərəcədə araşdırmaq və ona qiymət vermək mümkün olmaya bilər. Ancaq ədalət mühakiməsi prinsipləri tələb edir ki, məhkəmə işin həlli üçün əhəmiyyətli olan və, xüsusən, işin nəticəsində təsir etmə ehtimalı kifayət qədər olan halları araşdırsın. Bu cür hallar xüsusən tərəflərin müraciətlərində yer alır və məhkəmələr buna diqqət yetirməlidirlər.
Yuxarıda qeyd olunanları məhdudlaşdırmadan, məhkəmə hətta hər hansısa əhəmiyyətli məsələnin müzakirəsindən həmin məsələnin “çətin” və ya onun fikri ilə üst-üstə düşməyən (və ya hər hansı digər əsaslarla) olmasına görə boyun qaçıra bilməz.
Bu işdə qərarlar arasında kolliziya açıqca mühüm əhəmiyyət kəsb edirdi və yekun qərar üçün həll edici rol oynayırdı. Buna baxmayaraq Ali Məhkəmə bu məsələyə ümumən qiymət verməmişdir və nəticədə kobud pozuntuya yol vermişdir”
Əlbəttə, bu fikirdən də konkret fikir söyləmək olar, ancaq prinsiplərin müəyyən edilməsi baxımından ən azından bu qədər konkret olamlıdır ki, digərləri üçün də faydalı olsun. Ümumi ifadələrin, təəssüf ki, faydası olmur.
Ardır vardır (ümid edirəm)…
Yaxşı məqama toxunmusuz. Məncə KM qərarlarının tərtibat problemleminin səbəblərdən biri budur ki, hakimlər öz üzərində işləmirlər. Bəlkə də qərarları onların yerinə kimsə yazır, sonra özləri bir dəfə oxuyub çapa verirlər