Konstitusiya Məhkəməsinin pis və yaxşı qərarları – 2

Konrekt iş üzrə konkret qərar olmalı

Məhkəmənin hazırkı praktikası belədir ki, konkret iş üzrə – xüsusən fiziki və ya hüquqi şəxslərin şikayətləri üzrə – verilən qərarlar yenidən baxılması üçün Ali Məhkəməyə göndərilir.  Elə təəssürat yaranır ki, Konstitusiya Məhkəməsi bir qədər Avropa İnsan Haqları Məhkəməsinin praktikasına uyğun olmağa çalışır. Məhkəmənin AİHM-in təcrübəsini öyrənməsi çox müsbət haldır (hərçənd bu təcrübə hansı formada öyrənilir və tətbiq edilir – bu barədə mən çox da geniş fikir bildirmək istəmirəm – onsuzda burada dediklərim düşmən qazanmaq üçün kifayətdir!).  Ancaq qərarların icrası baxımından yerli Konstitusiya Məhkəməsinə nisbətdə AİHM-si kimi beynəlxalq məhkəmələrin imkanları daha məhduddur.

Hesab edirik ki, Konstitusiya Məhkəməsi konkret iş üzrə verdiyi qərarı yenidən Ali Məhkəməyə göndərməyə ehtiyac yoxdur.  Məhkəmə özü məsələni həll edərək icraya yönəltməlidir.  Məhkəməyə şikayət edənlərin hüquqlarını qorumaq baxımından da bu müsbət hal olar.  Şikayət edən nə üçün birdə Ali Məhkəməyə getməlidir?

Yalnız o hallarda iş digər məhkəməyə göndərilə bilər ki, araşdırılmalı olan hər hansı faktlar üzrə çıxsın.  Ancaq bu cür hallarda belə işin Ali Məhkəməyə göndərilə bilməsi tam aydın deyil.  Ali Məhkəmənin özü yalnız hüquqi məsələləri araşdırmalıdır – faktları araşdırmalı deyil (hərçənd Ali Məhkəmə praktikada tez-tez müxtəlif bəhanələrlə və bəlli səbəblərdən bu prinsipi pozur).

Məhkəmə məhkəmə prosesində tərəf kimi

Digər qəribə bir praktika Ali Məhkəmənin Konstitusiya Məhkəmənin iclaslarında tərəf kimi çıxış etməsidir.  Maraqlıdır, görən bu praktika haradan gəlir?  Bizə bu olduqca qəribə gəlir.  Ali Məhkəmə, misal üçün, apellyasiya instansiya məhkəməsini tərəf kimi prosesə dəvət etmir.  Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsini tərəf kimi prosesə dəvət etsə çox qəribə hal olar.  Ümumən, bir məhkəmə digərini prosesə tərəf kimi dəvət edib, qərarını əsaslandırması fikri bizə qəribə gəlir.

Hər hansı məhkəmə instansiyası iş üzrə qərar qəbul edir.  O bu qərarı əsaslandırmalıdır. Əgər Konstitusiya Məhkəməsi əsaslandırma ilə razı deyilsə və yaxud qərar normal şəkildə əsaslandırılmayıbsa, Konstitusiya Məhkəməsi bunları öz qərarında qeyd edir və müvafiq tədbir görür.  Buna görə hər hansı məhkəmə instansiyasını tərəf kimi prosesə cəlb etməyə ehtiyac yoxdur.

KM-in 19.05.2014 tarixli Çıxarışla bağlı iş üzrə qərarı

Konstitusiya Məhkəməsi 19.05.2014 tarixli “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Qanunun 2.1-ci maddəsinin şərhi ilə bağlı qərar qəbul etmişdir.  Bu işdə olan sual belədir: Daşınmaz əmlaka dair verilən çıxarışın etibarsız hesab edilməsi məsələsi hansı məhkəmələrdə baxılmalıdır – inzibati, yoxsa mülki (rayon və ya kommersiya).  Konstitusiya Məhkəməsinin qərarına baxmayaraq bu problem hələ də açıq qalır və praktikada bununla bağlı ciddi problemlər vardır.  Səbəbdə odur ki, bizim fikrimizdə Konstitusiya Məhkəməsi bu problemi yaxşı həll etməyibdir.  Səbəbləri bu cür izah edərdik:

(a)       Məhkəmə qeyd edir ki, “əmlak hüquqları ilə bağlı” mübahisələrə mülki məhkəmələr baxır. Ancaq Dövlət Reyestrinin “hərəkəti” və ya “hərəkətsizliyi” ilə bağlı olan işlərə inzibati qaydada baxılır.  Burada nə başa düşmək olar?  Biz bununla bağlı çətinlik çəkirik.  Əvvəla, dövlət orqanı olan Reyestr Xidməti çıxarış verirsə, hər bir halda müəyyən “hərəkət”  etmiş olur.  Tərəflərdən biri də həmişə deyə bilər ki, bu “hərəkət” qanunsuzdur.  Demək olarmı ki, ümumən çıxarışın ləğv olunması məsələsi qoyulan bütün işlərə inzibati məhkəmələrdə baxılır.   Əgər belədirsə, o zaman Konstitusiya Məhkəməsinin dedikləri ilə bu fikir düz gəlmir.

O zaman Məhkəmənin dediyi inzibati prosesdə baxılmalı olan bu “hərəkət” (və ya hərəkətsizlik) mülki mübahisə çərçivəsində olan “hərəkət”dən nə ilə seçilir?  Təəssüf ki, Məhkəmənin qərarından bu suala cavab aydın deyildir.

Bir interpretasiya odur ki, Məhkəmənin dediyi inzibati araşdırma predmeti olan “hərəkət” və ya “hərəkətsizlik” yalnız Reyestr Xidmətinin qəsdən edilən hərəkəti və ya kobud ehtiyyatsızlığıdır.  Misal üçün, heç bir əsas olmadan kiminsə hüququnu qeydiyyata alır və ya almaqdan imtina edir və sair.  Ancaq fərz etsək ki, bu yanaşma qəbul edilir, aşağıdakı qeyd etdiyimiz səbəblərdən bu da mövcud problemi tam olaraq həll etmir.

(b)    Bu problemin iki (bizim fikrimizcə) sadə yolu var: (1) birinci iş harada başlayıbsa onunla əlaqəli olan mülki və ya inzibati iş o məhkəmədə də davam edir, və ya (2) bir-biri ilə əlaqəli işlər (mülki və inzibati) bir məhkəmədə baxılır (misal üçün, mülkidə). Bunlardan biri olmalıdır.  Hazırkı vəziyyət proses iştirakçıları üçün çox ciddi problemlər yaradır.  Ona görə Mülki-Prosessual Məcəlləsinin müvafiq maddələrinə dəyişikliklər etmək lazımdır.  Səhv etmirəmsə əvvəlki maddələr normal idi, sonra onları dəyişdirdilər.

Hər işi uzatmaq istəyən tərəf məsələdə bir inzibati aspekt tapır, sonra inzibati məhkəmələrdə iş başlayır.   Nəticədə bir məsələ üzrə iki növ iş gedir – mülki (və ya kommersiya) və inzibati.  Hər bir növ proses üzrə tərəf hər üç instansiya (birinci, apellyasiya və kassasiya) keçməli ola bilər.  Kassassiya instansiyasının o qədər də yaxşı olmayan praktikasını nəzərə alaraq (işi aşağı-yuxarı müəyyən səbəblərdən göndərir) iş uzun müddət məhkəmələrdə qalır.

Mən burada çox ciddi və praktiki məsələyə toxunuram.  Bu problemdən biz və bizim kimi çoxsaylı hüquqşünaslar əziyyət çəkirlər… real olaraq!

Nəzərə almaq lazımdır ki, bir məhkəməsinin hakimi (misal üçün, rayon məhkəməsi) digər hakimə (inzibati məhkəməyə) zəng edib soruşmur ki, “görəsən buna hansımız baxaq”?  Başqa cür desək, görəsən burada inzibati “orqanın hərəkət və ya hərəkətsizliyi” halıdır, yoxsa “əmlak hüquqları barədə mübahisədir”?  Ümumən, hansı məhkəmə (rayon, yoxsa inzibati) bu məsələ üzrə konkret qərar qəbul etməli (və digəri də ona riayət etməlidir)?  Bu kimi çox saylı suallar meydana çıxır.

Bu kimi işlərə baxanda düşünürəm ki, “hərəkət” və “hərəkətsizlik” dedikdə bu ifadələr çox geniş səslənir.  Bizim təcrübəmizdə əgər hər hansı bir ümumi ifadə işlədilirsə, oraya xüsusi diqqət yetirmək zərurəti yaranır.  Mən demirəm ki, bu kimi ümumi ifadələrdən istifadə qəbul edilməzdir.  Sadəcə bu cür hallarda özümüzə sual veririk ki:

Geniş ifadələrdən istifadə olduğu halda ümumi kontekst elədirmi ki, onu oxuyan (və ya qulaq asan) şəxslərə həmin ifadələrin praktiki baxımdan hansı mənanı ifadə etməsi kifayət qədər aydın olsun?

Yəni həmişə kontekstin əhəmiyyəti vardır, ancaq geniş ifadələr bəzən geniş problemlərə yol açır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *