Hüquq şirkətində çalışan hüquqşünas kimi müxtəlif şirkətlərlə fərqli növ müqavilələrin hazırlanmasında və imzalanmasında iştirak edirik. Bir sıra şirkətlərin (nümunə kimi bankları göstərmək olar) öz müqavilə nümunələri (template) vardır. Bu müsbət haldır, çünki template-lər müqavilənin hazırlanması və imzalanması prosesini sürətləndirir (adətən). Ancaq bəzən bu nümunələrlə bağlı biz bir sıra çətinliklərlə qarşılaşırıq. Bunlar bütün tərəflərin, o cümlədən həmin müqaviləni təqdim edən tərəfin işinə əngəl ola bilər. Müqavilə nümunələrində bütün problemlər eyni deyildir, ancaq təcrübəmiz əsasında bəzi ümumi problemləri qeyd etmək istərdim:
1. Bir fikrin bir neçə maddədə təkrarlanması
Yəqin ki, 1 nömrəli məsələ müqavilə boyu bir fikrin müqavilənin bir neçə maddələrində tənzimlənməsidir. Ən yaxşı təcrübəyə əsasən hüquqşünas çalışmalıdır ki, bir fikir mümkün qədər bir maddədə (bir yerdə) tənzimlənsin.
Nümunə kimi müqavilənin zəmanət şərtlərini göstərmək olar. Zəmanətlə bağlı məsələ müqavilənin fərqli maddələrində, o cümlədən predmet, zəmanət maddəsi, tərəflərin hüquq və öhdəlikləri maddəsi (bu maddə barədə ayrıca danışacayıq), məsuliyyət və sair kimi maddələrdə qeyd edilir və bir sıra hallarda təkrarlanır.
Misal üçün, satılan mala dair zəmanət şərtlərində o cümlədən bu məsələlər əhatə olunur:
- Malın keyfiyyətinə dair zəmanət – yəni malın “qüsursuz” olması tələbi.“Qüsursuz” ətraflı tənzimlənə bilər;
- Malların yoxlanması və, malın növündən asılı olaraq, sınaqdan keçirilməsi;
- Malın üçüncü şəxslərin hüquqlarından azad təqdim edilməsi;
- Mal qüsurlu olduğu halda alıcının ata biləcəyi addımlar – malın təmir edilməsi, dəyişdirilməsini tələb etmək və sair kimi tədbirlər;
- Hansı qüsurlar zəmanətlə əhatə olunmur və ya hansı hallarda zəmanət tətbiq edilmir (misal üçün, mallar təyinatına uyğun istifadə edilmədikdə);
- Zəmanət müddəti, o cümlədən onun uzadılması şərtləri.
Bunların əksəriyyəti bir maddədə tənzimlənməsi məqsədə uyğundur. Belə olan halda müqaviləni yazan və onun üzərində işləyən digər şəxslərdə zəmanət məsələləri barədə aydın fikir formalaşır. Aydın fikir olan yerdə isə bütün çatışan və çatışmayan məsələləri görmək daha asan olur. Həmçinin maddələrin fərqli hissələri arasında əlaqə yaxşı görünür. Misal üçün, zəmanət şərtlərinin pozulması ilə satıcının bu pozuntu ilə bağlı məsuliyyəti arasında əlaqəni daha aydın görmək və tənzimləmək olur.
Digər tərəfdən eyni məsələyə dair müddəaların müqavilə boyu “səpələnməsi” bir sıra neqativ hallara gətirib çıxara bilər. Misal üçün, eyni məsələ üzrə bir yerdə edilən dəyişiklik digər yerlərdə əks olunmaya bilər. Yəni hüquqşünas tərəfindən səhv buraxmaq ehtimalı böyük olur.
Əlbəttə bir çox sosial məsələlər də olduğu kimi bu məsələdə də qəti qaydalar müəyyən etmək olmur. Fərqli müqavilə növlərinin özünə məxsus xüsusiyyətləri ola bilər. 1 kompüterin alğı-satqısı ilə istehsal avadanlığın alğı-satqısı arasında ciddi fərq olacaqdır. Ona görə də zəmanətlə bağlı məsələlərin ayrıca zəmanət deyil, digər maddələrdə tənzimlənməsi mümkündür. Misal üçün, çatdırılma maddəsində malın yoxlanılması və yoxlama keçirilən zaman aşkar edilə bilən qüsurların (apparent defects) həlli qaydası “Malların çatdırılması” kimi maddədə tənzimlənə bilər. Ancaq hər bir halda müqaviləni yazan bunu şüurlu şəkildə etməlidir.
Qeyd
Burada biz “bir məsələ üzrə” ifadəsini istifadə edirik. Bu, əlbəttə ki, nisbi anlayışdır. Bəzən müqavilə hazırlayan şəxslər üçün hansı məsələnin eyni və ya fərqli olması barədə qərar verməsi və ya ümumiyyətlə bilməsi çətin ola bilər. Digər tərəfdən geniş maddələrin daha spesifik maddələrə təsiri nəzərdən qaça bilər. Misal üçün, müqavilənin “Zəmanət” maddəsində satıcının qüsurlu malı təmin etməsi və ya dəyərinin geri ödəməsi öhdəliyi göstərilə bilər. “Məsuliyyət” maddəsində isə tərəflərin zərəri tam ödəmək məsuliyyəti göstərilə bilər. Bunlar arasında ziddiyyət mövcud ola bilər (tərəflərin niyyətindən asılı olaraq). Zərərin tam ödənilməsi geniş ifadədir, o, sadəcə malın təmiri və dəyərinin geri ödənilməsi ilə məhdudlaşmır və “zərər” fərqli hallarda fərqli ola bilər.
2. “Hüquq və öhdəliklər” maddəsi – nəyə lazımdır?
(Ardı vardır…)