Hörmətli in-house hüquqşünaslar… və digər hüquqşünaslar, gəlin müqavilə formaları (template) barədə danışaq

Bu yazı bu məqalənin davamıdır.   

2.   “Hüquq və öhdəliklər” maddəsi – nəyə lazımdır?

Digər problem müəyyən qədər 1-ci yazıda qeyd etdiyimiz problemlə əlaqədardır.   Sanki Azərbaycan praktikasında belə ümumi fikir var ki, müqavilədə mütləq “tərəflərin hüquqları və öhdəlikləri” adlı ayrıca maddə olmalıdır.  Buna ehtiyacın nədən və haradan irəli gəldiyini anlamırıq.  Müqavilənin bir deyil, bir çox maddələri tərəflərin hüquq və öhdəliklərini nəzərdə tutur.  Misal olaraq, alğı-satqı müqaviləsində ödəniş maddəsi alıcı tərəfindən malın qiymətinin müəyyən müddət ərzində ödənilməsini nəzərdə tuta bilər.  Bu maddə alıcının vaxtında ödəniş etmək öhdəliyini, satıcının isə vaxtında həmin ödənişi əldək hüququnu ehtiva edir.  Sonra ayrıca “tərəflərin hüquq və öhdəlikləri” maddəsində alıcının “malın qiymətini vaxtında ödəmək” öhdəliyinin göstərilməsinə ehtiyac yoxdur, hətta düzgün deyildir. 

Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən:

Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliklər müqavilə əsasında əmələ gələ bilər.  Müqavilə isə hüquq və vəzifələr barədə tərəflərin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi).

Yəni müqavilə üzrə tərəfin öhdəlik götürməsi – misal üçün, pulun ödənilməsi barədə razılığın verilməsi – öhdəliyinin yaranmasına və kreditorun müvafiq öhdəliyin icrasını tələb etmək hüququnun yaranmasına səbəb olur. 

Hüquq və öhdəliklər maddəsində adətən müddəalar kifayət qədər geniş yazılır.  Misal üçün, “satıcı malı vaxtında lazımi keyfiyyətdə alıcıya çatdırmalıdır”.  Belə bir cümlə bir neçə məsələni ehtiva edir, xüsusən: 1) malın vaxtında çatıdırlması və 2) malın tələb olunan keyfiyyətə uyğun olması.  Hər biri üzrə müqavilədə ayrıca maddə ola bilər.  “Çatdırılma” maddəsində çatıdılma tarixi və yeri göstərilə bilər və həmin maddə bu öhdəlikləri yaradır.  Keyfiyyətə dair məsələlər isə “Zəmanət” maddəsində tənzimlənə bilər.  Artıq və geniş cümlələr sadəcə çaşqınlıq yaradır.  

Digər bir problem odur ki, fərqli mövzulara aid (misal üçün, çatdırılma, zəmanət, ödəniş və sair) məsələlər bir ad altında toplanması çaşqınlıq yaradır.  Müqaviləni yazan hər bir məsələyə ayrıca baxa bilmir. 

Qeyd

Biz demirik ki, heç bir halda müqavilədə hüquq və öhdəliklər maddəsi ola bilməz.  Öz praktikamızda biz əgər belə bir maddə yazırıqsa, daha çox digər spesifik maddələrdə (misal üçün, çatıdırlma və ya zəmanət maddəsi) yaza bilmədiyimiz müddəaları daxil edirik.  Yəni əsas şərtlərdən biri odur ki, təkrarçılıq olmasın.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *