Hüquq, qanun, idarə etmək və sair – bunlarında elmi var?

Qeyd: Məqalənin məqsədi “bilirsən? burda bir elm var, mən onu bilirəm, ancaq sən bilmirsən… ha-ha-ha” demək deyil.  Sadəcə ümumən bir sıra “aşkar” görünə bilən, ancaq bəzən əhəmiyyət verilməyən məsələlərə diqqət çəkməkdir.  Əlavə olaraq, biz biliklərin və bacarıqların bölüşdürülməsinə inanırıq –bu bölüşmə nə qədər çox olarsa, hamımız üçün o qədər yaxşıdır..

*****

Mən sizə sual versəm ki, bu şəkildə olan riyazi problemi həll edə bilərsiniz, əgər sizin  xüsusi riyazi bilikləriniz yox dursa güman ki, siz “xeyr” cavabı verəcəksiniz.  Əgər mən soruşsam ki, konstitusiyanın 28.II maddəsində “qanunla” sözü dedikdə hansı hallar nəzərdə tutulur, güman ki, əksər hüquqi təhsili olmayan (ümumən ali təhsili olmayan da belə) insanlar fikir söyləyəcək və hətta bəziləri emosional şəkildə nəyisə izah etməyə çalışacaqlar.  Sanki konstitusiya və digər humanitar məsələləri həll etmək və ya onlar barədə fikir söyləmək üçün elm və ya xüsusi bilik tələb olunmur, ancaq riyaziyyat üçün tələb olunur.

Əksər adamlar intuitiv olaraq razılaşarlar ki, hüquq, iqtisadiyyat və sair kimi humanitar sahələrin də “öz elmi var”.  Bununla belə, əksər insanlar riyaziyyat barəsində çox şey deyə bilməsədə, humanitar mövzular barədə sanki hamının dərin fikirləri vardır.

Ancaq bu aldadıcıdır!

Məsələ orasındadır ki, riyaziyyatda dəqiq cavab vardır.  Yəni şəxsin bildirdiyi fikrin düz və ya səhv olmasını müəyyən etmək üçün konkret bir meyar (cavab) vardır.  Humanitar sahənin “qəribəliyi” ondadır ki, ondan çox da agah olmayan insanlar üçün düz və ya səhv cavab arasında fərqi bilmək çətin olur.  Ona görə də humanitar sahədə kimsə nəsə deyirsə, onun səhv olduğunu ona sübut etmək çətin olur.

Misal üçün, mən bir sıra məqamlarda vəkil və digər hüquqşünas yoldaşlara məhkəmə prosesində vəkilin vəkilə sual verməsinin səhv praktika olduğunu deyirəm.  Bu barədə mənimlə mübahisə edəndə mənə qəribə gəlir.  Mən düşünürəm ki, bu (yəni vəkilin vəkilə sual verilməsinin qeyri-normal praktika olması) o qədər də qəliz bir məsələ deyil.  Sonra mən məsələni izah etməyə başlayanda özüm də görürəm ki, prosesdə bir sıra nəzəri (bəziləri qəliz) və dərhal nəzərə çarpmayan məqamlar vardır.  Nəticədə bizə aydın və asan görünən bir şeyin arxasında müəyyən bir nəzəriyyə durduğunu açıqca görmüş oluruq.  Məsələnin çətinliyi də bundadır – izah edən (və ya fikir bildirən) şəxsin fikri adamlara o zaman “asan” görünür ki, onların bu nəzəriyyələrdən xəbəri olsun.

Əlbəttə biz hamımız bu və ya digər hallarda və formada bu cür düşünürük – düşünürük ki, müəyyən mövzu barədə bizim qəti fikrimiz vardır və o düzdür.  Məsələ sadəcə psixologiyada “səhv konsensus effekti” (İngiliscə: false-consensus effect) (bu barədə burada ətraflı tanış ola bilərsiniz https://www.verywellmind.com/cognitive-biases-distort-thinking-2794763 – yeri gəlmişkən çox maraqlı məqalədir).  Məsələ burada müəyyən düşüncə tərzidir ki, insanlar bəzən humanitar məsələlərin nə qədər elm olmasını özləri də bilmədən nəzərə almırlar.

Hətta mən bir addım irəli gedim və deyim ki, burada dediklərimi sözdə qəbul etmək asandı (hamı deyəcək “bəəənəəədiiiii”), ancaq praktikada görəndə insan tam olaraq dərk edir.

Humanitar məsələlərdə cavabın xüsusiyyətləri

Riyaziyyatda və digər dəqiq elmlərdə çox zaman düz və ya səhv cavab vardır və bu cavab çox zaman bir olur.  Humanitar məsələlərdə isə çox zaman bir problemin birdən çox həlli (və ya “cavabı”) olur.  Bu humanitar məsələləri elm statusundan və ya onların bilik əsaslı məsələ statusundan məhrum etmir.

Misal üçün, ABŞ-da hüquqşünaslar arasında məhkəmələrin qərarları vasitəsi ilə faktiki olaraq qanun yazıb-yazmadıqları və ya bunun nə qədər qəbul edilə bilən olması barədə müəyyən bir fikir ayrılığı mövcuddur.  Yəni sualı bu formada qoysaq: “məhkəmə qərarı ilə qanun və ya qayda yazırmı və yazırsa bu məqbul sayıla bilərmi?”.  Bu məsələni araşdırmayan şəxs, misal üçün, deyə bilər ki “o nə deməkdi?  qanunları parlament qəbul edir. Məhkəmə ancaq işi qanun əsasında həll edib qərar verir”.  Vsyo…  Sanki bu asan və açıq-aydın məsələ idi və düzəldi.  Ancaq şəxs bu cür cavab verən zaman açıqca görünür ki, o məsələni tam olaraq anlamır və anlaması bir müddət araşdırma aparmalıdır.

Yəni bu cür sualların dəqiq (və ya “düz”) cavabı yoxdur.  Ancaq burada bir problem vardır və bu problemi həll etmək üçün (mahiyyət etibarı ilə bu suala cavab vermək üçün) şəxs müəyyən araşdırma aparmalı, biliklər toplamalı.  Əslində bu məsələdə bir çox dərin və mühüm əhəmiyyət kəsb edən məsələlər vardır.  Bunları araşdırmadan bu məsələni həll etmək mümkün deyil.

Digər xüsusiyyət

Digər məsələ ondadır ki, təcrübədə adi və məsələnin elmi tərəfindən tam agah olmayan insanlar qərar verməli olurlar.  Misal üçün, Konstitusiyanın 25.II maddəsinə dəyişiklik edilməli olarsa, bu məsələ referendum vasitəsi ilə həll olunur.  Eləcədə cəmiyyət digər ictimai məsələlər barədə qərar verməlidir və ya qərarın verilməsində iştirak edir.  Heç kim adi insanlara deyə bilməz ki, “sənin bu məsələnin elmi tərəfindən başın çıxmır, ona görə səs vermə”.  Ona görə istər-istəməz adi insanlar “elmi” məsələlərin həllində iştirak edirlər (riyaziyyatdan fərqli olaraq).

Əlbəttə, çox az insan seçkiyə getməzdən əvvəl dərin nəzəri araşdırma aparır. Digər tərəfdən, heç də hər ictimai müzakirəyə səbəb olan məsələnin arxasında geniş nəzəri əsaslar durmaya da bilər – məsələlər daha konkret ola bilər.  Ancaq məsələnin ictimailəşdirməsi onun müzakirəsinə səbəb olur və bu müzakirə zamanı insanlar təbii olaraq məsələnin xüsusən praktiki tərəfindən agah olurlar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *