Təhvil-təslim aktı problemi. Müqavilə məsələləri

“Müqavilənin qiyməti təhvil-təslim aktı əsasında 10 gün müddətində ödəniləcəkdir” kimi ifadələrə müqavilələrdə tez-tez rast gəlinir (Qeyd: Bu məqalədə təqdim edilən müqavilə maddələrindən misallar sadə formada qeyd olunmuşdur).  Təhvil-təslim aktlarının imzalanması Azərbaycan praktikasında demək olar ki, standart praktikaya çevrilibdir. Bunun müəyyən səbəbləri vardır və güman ki, onlardan biri vergi orqanları və banklar tərəfindən tələb olunmasıdır.

Praktikada bu cür maddələrlə bağlı bir sıra problemlərə rast gəlirik.  Xüsusən də bir tərəf, adətən ödəniş etməli olan tərəf, təhvil-təslim aktını imzalamaqdan imtina edir.  Bu halda digər tərəf nə etməlidir.

Məsələnin sırf qanun əsasında həll olunması bir sıra faktorlardan asılı ola bilər.  Misal üçün, podrat müqaviləsi Mülki Məcəllə ilə birbaşa tənzimlənən müqavilə növüdür və faktiki hallardan asılı olaraq problemin həllini orada tapmaq olar.  Ancaq bizim qeyd etmək istədiyimiz məsələ sırf müqavilənin yazılması ilə bağlıdır.

Sadəcə “ödəniş təhvil-təslim aktı əsasında olacaqdır” bəyanat maddəsidir.  Ona görə ilk növbədə bu cür maddələrin öhdəlik formasında yazılması zəruridir:

Alıcı müqavilənin qiymətini təhvil-təslim aktı əsasında ödəməlidir.

Ancaq bu problemin həlli üçün kifayət deyil, çünki alıcı aktın imzalamasından imtina etdikdə o, pulu ödəməkdən imtain edə bilər.  Bu problemi həll etmək üçün müqavilədə təhvil-təslim aktının imzalanmasına dair tələblər mövcud olmalı və bunlar bir qayda olaraq öhdəlik formasında olmalıdırlar:

Satıcı malları təhvil verdikdən [və ya xidmət göstərən xidmətlərin göstərilməsini tamamladıqdan] sonra tərəflər malların təhvil verilməsini [xidmətlərin göstərilməsini] təsdiq edən təhvil-təslim aktını 10 gün ərzində imzalamalıdırlar.

Bu cür maddə sadəcə təhvil-təslim aktı təsdiq etmir, həmçinin alıcının üzərinə aktı imzalamaq öhdəliyi qoyur.  Alıcı ciddi əsaslar olmadan təhvil-təslim aktını imzalamaqdan imtina edərsə, müqavilə üzrə öhdəliyini pozmuş olur.  Alıcı öhdəliyini pozduğu halda satıcı ona dəyən zərərin ödənilməsini tələb edə bilər və bu zərərə satıcıya ödənilməli olan əsas məbləğ də (yəni misal üçün, malın və ya xidmətin qiyməti) daxil ola bilər.

Əlavə olaraq və daha çox müəyyənlik gətirmək üçün satıcı (yəni pul almalı olan tərəf) bu cür maddənin müqaviləyə daxil edilməsini təklif edə bilər:

Alıcı təhvil-təslim aktı imzalan və ya imzalanmalı olan gündən sonra 10 gün ərzində ödənişi etməlidir.

Burada “imzalanmlı olan” sözləri o deməkdir ki, ödənişin müddəti tək aktın imzalandığı gündən deyil, həmçinin alıcı əsassız olaraq imzalamadıqda belə hesablanır və alıcının ödəniş öhdəliyi yaranır.

Burada göstərilən maddələrdən nümunələr sadəcə mövqeyimizi izah etmək üçündür və sadə formadadır.  Bəzən təhvil-təslim məsələləri geniş formada tənzimləmək lazım olur.  Misal üçün, ola bilər ki, müqaviləyə əsasən əgər satıcı aktı tərtib etsin və alıcıya imzalamaq üçün təqdim etsin.  Alıcı ciddi əsaslar olmadan (bu əsasların özləri kifayət qədər dəqiq göstərilməlidir) imzalamaqdan imtina etsə, satıcı birtərəfli qaydada imzalayır və akt tərtib olunmuş hesab edilir.  Əgər alıcı müəyyən imzalamamaq üçün əsaslar ortaya qoyarsa, o zaman bunların yoxlanması və tədbirlərin görülməsi ilə bağlı maddələrin olması zəruri ola bilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *