Mülki prosesdə sübutetmə standart(sızlığ)ı

Ümumi qaydanın yaratdığı suallar

Mülki məhkəmə prosesində bir qayda olaraq tərəflər hansısa bir faktlar barədə mübahisə edirlər.  Misal üçün, biri deyir “mən sənə pulu vermişəm”, digəri deyir ki, “verməmisən”.  Burada pul verən pulu verməsini, digər tərəf isə əksini sübut etməlidir.  Qanuna əsasən hər bir tərəf öz tələbinin və ya etirazının əsasında duran faktları sübut etməlidir.  Sadə səslənsə də praktikada tətbiqi kifayət qədər qəliz ola bilər.  Xüsusən, sual odur ki, nəyisə sübut etmək dedikdə nə başa düşülür, və ya başqa cür desək, nə qədər dəlil lazımdır ki, bir fakt və ya hal sübut edilmiş hesab edilsin?

Buna cavab vermək üçün bir sıra əsas məqamlara nəzər yetirmək lazımdır.

Sualın mənbəyi – sübutetmə dəqiq proses deyildir

Sübutetmə barədə sualların yaranmasına başlıca səbəb odur ki, sübutetmə dəqiq və riyazi proses deyildir.  Heç bir yerdə sübutları və ya sübutetməni ölçən, hər hansı bir “sübutometr” yoxdur.  Bu insan fəaliyyətidir və digər fəaliyyətlər kimi də müəyyən əqli və emosional prosesin nəticəsidir.  Misal üçün, işçi məhkəmədə bildirir ki, o xəstə olduğu üçün işə gəlməmişdir.  İşəgötürən isə məhkəməyə işçinin həmin vaxtda restoranda olduğu barədə sübutları təqdim edir.  Heç kim dəqiq bilmir ki, şəxs restorana yalnız yemək üçün getmişdir, yoxsa sadəcə əyləncə üçün.  Əlavə hər hansı dəqiq məlumat olmadığı təqdirdə biz qərar verməliyik ki, hansı tərəfə inanaq.  Deməli müəyyən mərhələdə “inam” rol oynamağa başlayır.  Bilgidən fərqli olaraq inam o halda mövcud olur ki, hər hansı bir konkret məlumat çatışmır.  Yəni biz dedikdə biz nəyəsə inanırıq, biz mahiyyət etibarı ilə deyirik ki, həmin məsələ üzrə tam olaraq məlumat və ya bilgi yoxdur və olan məlumatlar əsasında biz müəyyən nəticə çıxarırıq.  Əks halda biz deyərdik ki, biz nəyisə bilirik.

Mülki prosesdə inam müəyyən sübutlar əsasında formalaşmalıdır.  Ancaq sadəcə “filan sübutlar əsasında mən filan tərəfə inanıram” demək kifayət etmir.  Daha obyektiv bir meyar olmalıdır. 

Sübutetmə “standartı”

Anqlo-Sakson hüquq sistemlərində sübutetmə standartı vardır.  Misal üçün, ABŞ-da bir çox yerlərdə mülki prosesdə bir qayda olaraq “ehtimalların balansı” (balance of probabilities) və ya “sübutların üstələməsi” (preponderence of evidence) standartı tətbiq edilir – hər ikisi mahiyyət etibarı ilə eyni fikri ifadə edir.  Bu standarta əsasən hər hansı bir faktın sübut edilib-edilməyi mütləq deyil, nisbi olaraq müəyyən edilir.  Hansı tərəf digərinə nisbətdə daha inandırıcı sübut təqdim edirsə, o da udur.  Ola bilsin ki, sübutlar tam olaraq hər hansı bir halın baş verməsini sübut etmir.  Ancaq, misal üçün, olan sübutlar əsasında hər hası hadisənin baş vermə ehtimalı, baş verməmə ehtimalından daha çoxdursa, o zaman qərar baş vermənin xeyrinə olmalıdır. 

Bu standart daha çox cinayət prosesində tətbiq edilən “əsaslı şübhələrin istisna edilməsi” standartından fərqlənir.  Əsaslı şübhələrin istisna edilməsi daha çox mütləq xarakter daşıyır.  Tərəf (dövlət orqanı) sübut etməlidir ki, şəxs hadisəni törətmişdir və bu barədə əsaslı (ciddi) şübhələr qalmamalıdır. 

Kontinental hüquq sistemində sübutetmə standartının tətbiqi geniş yayılmamışdır.  Əslində bu sahədə müəyyən vakumun olduğunu söyləmək olar.  Kontinental hüquq sistemləri daha çox milli ən-ənələrə əsaslandığı üçün hər ölkədə müəyyən özünə məxsus praktika formalaşır.  Çox vaxt başlanğıc nöqtə belədir ki, bir halı sübut etmək üçün tərəf “inandırıcı olan qədər sübut” təqdim etməlidir ki, hakim “daxilən inansın”.  Yəni burada iki aspekt var – “kifayət qədər sübut” və hakimin “daxili inamı”.  Bunların izahı və açılışı əslində qəlizdir və müəyyən qədər də nəzəridir – ona görə onlara vaxt sərf etməyək.  Sadəcə qeyd edək ki, bu qaydalar standartların tətbiq ediliyi kimi problemi həll etmir. 

Azərbaycan praktikasında hansı standart olmalıdır? – Mülki proses cinayət prosesindən fərqlidir

Bir məsələ aydındır ki, mülki prosesdə tərəfin üzərinə cinayət prosesində tətbiq edildiyi qədər sərt sübut etmək vəzifəsi qoyula bilməz.  Cinayət prosesində sübut etməli olan tərəf dövlətdir və dövlətin kifayət qədər resursları və hər hansı sübutu əldə etmək üçün güc tətbiq etmək imkanı vardır.  Mülki prosesdə tərəflərdə belə imkan yoxdur.  Ona görə təbii olaraq mülki prosesdə hakim mütləq deyil, tərəflərin təqdim etdikləri sübutları müqayisə etməklə faktları müəyyən etməlidir – kim daha inandırıcıdırsa (sübutlar əsasında) onun xeyrinə qərar olmalıdır.  Bu hansısa digər ölkənin sistemindən deyil obyektiv ehtiyacdan irəli gəlir. 

Birbaşa və dolayı sübutlar problemi

Sübuetmə məsələsinin müzakirəsi mütləq olaraq bizi dolayı və birbaşa sübutlar arasında olan fərq və onların məhkəmə praktikasında tətbiqi barədə müzakirəyə aparır.  Birbaşa sübut dedikdə hər hansı bir faktı və ya halı insanın görmək, hiss etmək və sair kimi bacarıqları ilə birbaşa təsdiq edən sübutlar nəzərdə tutulur.  Misal üçün, şahidin hər hansı bir hadisəni gördüyü barədə verdiyi ifadə həmin hadisənin birbaşa sübutu hesab edilir.  Dolayı sübut elə sübutdur ki, onların əsasında müəyyən digər hal və ya fakt barədə nəticə çıxarmaq mümkün olur.  Misal üçün, bir şəxs otağa üzərində mübarizə yaraları ilə daxil olduqda, onun əvvəl mübarizədə olduğu barədə nəticə çıxarmaq olar.  Bunlar fərq nisbidir – bəzi hallarda sübutun birbaşa və dolayı olmasını dəqiq müəyyən etmək mümkün deyildir.    

Azərbaycan praktikasında dolayı sübutlara əsaslanma ilə bağlı çətinliklər vardır.  Bunun bir sıra obyektiv və etiraf etmək lazımdlır ki, ən azı uzun müddət davam edən subyektiv səbəbləri vardır.  Onlardan biri məhz sübutetmə “standartı” barədə mövqeyin olmamasıdır.  Hamı ümumən qəbul edir ki, müəyyən fakt sübut edilməlidir, ancaq “nə qədər” sübut edilməsi barədə biz müzakirə aparmamışıq.  Dolayı sübutlar məhz müəyyən inam yaradır və bəzən də birbaşa sübutlardan da güclü.  Ancaq hakim cinayət prosesində olduğu kimi birbaşa olmayan sübutlara əsaslanmaqdan çəkinərsə tərəflərin bu cür sübutları axtarmaq və məhkəmyə təqdim etmək stimulu olmur. 

Nəticədə – “sənəd Allahdır!” və sənəd əsasında proses

Nəticədə tərəflər “dəqiq” sübutlar axtarır.  Ən asan əldə edilə bilən dəqiq sübut isə sənəddir.  Beləcə də mülki prosesdə sənəd olur Allah, və mülki proses mahiyyət etibarı ilə sənəd əsasında olan prosesə çevrilir.  Ancaq bu düzgün deyildir.  Sənədlər də digər sübutlar kimi yalnış ola bilər və bu yalnışlıq bir çox faktorlardan irəli gələ bilər.  Misal üçün, xətəlik vərəqələrinin şəxsin doğurdan da xəstə olmadığı halda verilməsi halları praktikada az deyildir.  Ancaq şəxsin xəstə olmadığına dair bir çox digər sübutlar olduqda hakimin sadəcə sənədə əsaslanması açıqca ədaləətsizdir. 

Əlbəttə sənəd mühüm sübut kimi qəbul edilə bilər və bununla bağlı heç bir problem yoxdur.  Problem praktikada sənədin və ya digər sübutun (digər sübut – ekspert rəyi) bütün digər sübutların üzərindən mütləq olaraq xətt çəkməsidir.

Mülki işin udulması sübutun nə qədər yaxşı gizlədilməsindən asılı edilə bilməz

Mülki prosessual qanunvericilikdə hər bir tərəfin özünün əsaslandığı fakt və halları sübut etmək öhdəliyinin aydın meyarlar müəyyən edilmədən tətbiqi digər problemə gətirib çıxarır.  Cinayət prosesində dövlətin istifadə edə biləcəyi imkanlardan fərqli olaraq mülki prosesdə tərəfin sübutlar toplamaq və tələb etmək imkanları məhduddur.  Əksər hallarda da bir halın sübut edilməsi digər tərəfdən müəyyən sübutların əldə edilməsindən çox asılıdır.  Digər tərəf də təbii olaraq özünə zərər vuran sübutu təqdim etməkdə maraqlı deyildir.  Əgər tərəfin üzərinə hər hansı bir halı mütləq olaraq (nisbi deyil) sübut etmək öhdəliyi qoyularsa, o zaman işin udulması sübutun nə qədər yaxşı gizlədilməsindən asılı olur.  Bu da ədalətsiz nəticəyə gətirib çıxarır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *