Ali Məhkəmənin beynəlxalq arbitraj barədə digər qərarı – “EFES xaladelnikləri”

Ali Məhkəmənin beynəlxalq arbitraja aid olan digər maraqlı qərarı – No 2-2(102)-3/2022, 23.02.2022-ci il tarixli – barədə bəhs etmək istərdik.  Bu qərar daha çox mülki prosessual qanunvericiliyin bir sıra maddələrinin tətbiqi baxımdan maraqlıdır.

Faktlar

Faktlar maraqlıdır, baxmayaraq ki, əksər hissəsi Ali Məhkəmənin son qərarı üçün o qədər də əhəmiyyətli deyildir.

Qısa olaraq 2017-ci ildə Azərbaycan şirkəti xarici şirkətlə (guman ki, Türkiyə şirkəti) pivə məhsullarının alğı-satqısına dair müqavilə bağlanmışdır.  Bu müqaviləyə əsasən yerli şirkət – İddiaçı, xarici şirkətdən, Cavabdehdən, malları satın alırdı.  2020-ci ildə isə tərəflər “Soyuduculara dair Əlavə Müqavilə” imzalamışlar[1].  Belə nəticəyə gəlmək olar ki, həmin müqavilədə Cavabdeh tərəfindən İddiaçıya əlavə EFES məhsulları üçün soyuducuların təqdim edilməsi və bunun əvəzində İddiaçının Cavabdehə ödənişlərin edilməsi nəzərdə tutulurdu.  Müəyyən vaxt sonra (2021-ci ildə) tərəflər arasında münasibətlər pisləşmiş və Cavabdeh müqaviləyə xitam verməklə yanaşı EFES soyuducuları üçün ödənişləri tələb etmişdir.  İddiaçı iddia edir ki, ingilis dilində tərtib edilən Soyuduculara dair Əlavə Müqavilə imzalanan vaxt onun əhəmiyyətini anlamamışdır[2], Cavabdeh ona soyuducu təqdim etməmiş və bu səbəbdən də bu müqavilə etibarsız hesab edilməlidir. 

Müqaviləyə əsasən tərəflər arasında mübahisə Beynəlxalq Ticarət Palatasının Arbitraj qaydaları əsasında həll edilməli idi.  Arbitraj yerinin İstanbul, Türkiyə olması qeyd edilmişdir[3]

Birinci instansiya və apellyasiya məhkəmələrinin qərarları

Bakı Kommersiya Məhkəməsi iddia ərizəsini Mülki Prosessual Məcəlləsinin (MPM) 152.1.7-ci maddə əsasında geri qaytarmışdır.  Həmin maddəyə əsasən bir neçə cavabdehə bir-biri ilə əlaqəli olmayan iddialar bir iddia ərizəsində verildikdə ərizə geri qaytarılmalıdır.  Birinci instansiya məhkəməsi həmçinin işin arbitrajda baxılmalı olduğunu da qeyd etmişdir, ancaq belə başa düşürük ki, bunun hüquqi əsasını qərardadında izah etməmişdir. 

Apellyasiya məhkəməsi isə iş üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsi əsasında xitam vermişdir.  Həmin maddəyə əsasən “iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” mülki iş üzrə icraata xitam verilməlidir.

Ali Məhkəmənin qərarı

Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərardadını ləğv etmişdir.  Məhkəmə qeyd edir ki, Mülki-Prosessual Məcəllədə “münsiflər məhkəməsi” dedikdə qeyri-dövlət arbitrajı (misal üçün, kommersiya arbitrajı) da nəzərdə tutulur.  Buna görədə də Mülki Prosessual Məcəllənin münsiflər məhkəməsinə aid müddəaları qeyri-dövlət arbitrajına tətbiq edilir.  Tərəflər arasında arbitraj barədə razılıq olduqda Mülki-Prosessual Məcəllənin 259.0.5-ci maddəsi tətbiq edilir – yəni məhkəmə işin baxılmamış saxlanılması barədə qərardad qəbul etməlidir.

Çıxarılacaq nəticə

Ali Məhkəmə ən azından beynəlxalq arbitraj barədə bir sıra məsələləri təsdiq edir:

1)   Mülki-Prosessual Məcəllədə istifadə olunan “münsiflər məhkəməsi” ifadəsi kommersiya və ya digər qeyri-dövlət arbitrajı ehtiva edir. Qeyri-dövlət ifadəsi bir qədər qeyri-adi görsənir (arbitraja alışan şəxslər üçün).  Belə başa düşmək olar ki, “dövlət arbitrajı” dedikdə dövlətin adi məhkəməsi kimi fəaliyyət göstərən və adında arbitraj olan (misal üçün, Rusiya Federasiyasında) məhkəmə orqanı nəzərdə tutulur.  “Qeyri-dövlət arbitrajı” isə müvafiq olaraq bundan başqa digər arbitrajı nəzərdə tutur. 

2)   Tərəflər arasında mübahisənin arbitraj vasitəsi ilə həlli barədə razılıq olduqda məhkəmə iddia ərizəsini geri qaytara bilməz və nə qədər ki, arbitraj vasitəsi ilə son qərar əldə edilməmişdir, iş üzrə icraata da xitam verə bilməz. Bu hallarda məhkəmə işi icraata götürməlidir (icraata götürməmək üçün başqa əsaslar yoxdursa) – yəni burada 159-cu maddə tətbiq edilmir. 

3)  İşə mahiyyət üzrə baxmazdan əvvəl tərəflərdən hər hansı birinin işin məhkəmədə baxılmasına dair etirazı olarsa və bu məqalədə qeyd etdiyimiz kimi arbitraj sazişini yan keçmək üçün əsas olmazsa, məhkəmə MPM-in 259.0.5-cu maddəsi əsasında ərizəni baxılmamış saxlamalıdır. Bu hallarda iş üzrə icraata xitam verilə bilməz.  İş üzrə icraata xitam verilməsi ilə ərizənin baxılmamış saxlanılması arasında əhəmiyyətli fərq vardır.  Belə ki, icraata xitam verildiyi halda həmin iddiaya məhkəmədə yenidən baxıla bilməz (MPM-in 262.4-cü maddəsi).  Ola bilsin ki, tərəflər müəyyən mərhələdə işin arbitrajda deyil, məhkəmədə baxılmasını istəsinlər.

Qeyd: Qərarın heç bir hissəsində “xaladelnik” ifadəsi istifadə edilmir – sadəcə diqqət çətmək üçün bu termindən istifadə edirik.  Ancaq yəqin ki, kimsə nə vaxtsa bu prosesdə bu ifadəni istifadə edibdir :))

_______________________________________________________________________________

[1] Burada “Əlavə” ifadəsindən belə başa düşmək olar ki, bu müqavilə digər 2017-ci ildə bağlanan əsas müqaviləyə əlavə kimi imzalanmışdır.

[2] İddiaçı direktoru vasitəsi ilə hərəkət etmiş və direktor müqaviləni imzalamış və İddiaçının dediyinə görə direktor müqavilənin mətnini anlamadan imzalamışdır.

[3] Bu arbitraj maddəsinin Soyuducuya dair Əlavə Müqavilədə və ya digər sənəddə (misal üçün ümumi müqavilə) göstərilməsi qeyd edilmir.  Fərz edirik ki, hər bir halda bu müddəa Soyuducuya dair Əlavə Müqavilə üzrə əmələ gələn mübahisələrə şamil edilirdi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *