Ali Məhkəmənin beynəlxalq arbitraj barədə maraqlı qərarı

Universitetdə tədris zaman çalışırıq tələbələrlə Azərbaycan məhkəmələrinin seçilmiş qərarlarını müzakirə edək.  Bunun üçün əhəmiyyətli vaxt sərf edib qərarları axtarıb tapırıq. Ali Məhkəmənin təqribən 2020-ci ildən etibarən çıxarılan bır sıra qərarlarını fərqli fənlərin, o cümlədən Beynəlxalq Kommersiya Hüququ (İnternational Business Transactions) tədrisi zamanı müzakirə edirik.  Beynəlxalq arbitraj razılaşması barədə dərs zamanı müzakirə etdiyimiz bir qərar barədə e-hüquq.az saytında məqalə çap edilmişdir. 

Bu qərar bir sıra məqamlara görə maraq doğurur.  Ancaq hesab edirik ki, “arbitraj barədə razılıq məhkəmənin işə baxmasını istisna etmir” ifadəsi texniki baxımdan düz olsa da bu qərarın əhəmiyyətini tam olaraq izah etmir.  Biz burada qərardan irəli gələn beynəlxalq arbitraj barədə əsas məqama nəzər yetirmək istərdik.

İşin qərar üçün əhəmiyyətli olan faktlar

Qərarın bizim üçün əhəmiyyətli olan hissəsi şirkətlər arasında olan müqavilənin mübahisələrin həlli maddəsi barədədir.  Belə başa düşürük ki, müqavilənin özü iki dildə – Azərbaycan və İngilis – tərtib edilmişdir.  Azərbaycan dilində olan versiyaya əsasən tərəflər arasında mübahisə “İngiltərə İqtisad Məhkəməsi” tərəfindən həll olunmalıdır.  İngilis dilində olan versiyaya əsasən isə mübahisələr “UK Economic arbitrate” qaydalarına müvafiq olaraq həll edilməlidir.  

Birinci və apellyasiya məhkəməsləri işə baxmaqda Azərbaycan məhkəmənin səlahiyyətli olmadığı qənaətinə gəlmişlər (yəni iş “İngiltərə İqtisad Məhkəməsində” baxılmalıdır) və icraata xitam vermək barədə qərar qəbul etmişlər.  İddiaçı isə qeyd edir ki, İngiltərədə belə bir məhkəmə ümumiyyətlə mövcud deyildir.

Ali Məhkəmənin qərarı

Ali Məhkəmə haqlı olaraq qeyd edir ki, müqavilənin fərqli dillərdə olan versiyaları arasında ziddiyyət (və ya uyğunsuzluq) və İngiltərədə İqtisad Məhkəmənin olub-olmadığı sualı qeyri-müəyyənlik yaradır.  Ali Məhkəmə xüsusən tərəflərin niyyətinin müəyyən edilməsi üçün işi apellyasiya məhkəməsinə qaytarır.

Əsaslandırma və əsas sual

Ali Məhkəmə qeyd edir ki, “qanunvericilik tərəflər arasında mübahisəyə arbitrajda baxılması barədə razılığın əldə olunduğu hallarda da işə məhkəmədə baxılmasını istisna etməmiş, bunu işə mahiyyəti üzrə baxılanadək tərəflərin razılığından asılı etmişdir.”  Hesab edik ki, burada problem və ya sual bir qədər başqa cür qoyulmalıdır.  Tərəflər arasında arbitraj sazişin olması o demək deyil ki, məhkəmə heç bir halda işə baxa bilməz.  Ancaq əsas sual odur ki

Hansı hallarda məhkəmə arbitraj sazişinə əhəmiyyət verməyə və işə özü baxa bilər? 

Fərz etsək ki, söhbət beynəlxalq kommersiya arbitrajından gedir (bunun müəyyən edilməsi özü ayrıca sual ola bilər), bu Azərbaycanın da tərəf olduğu 1958-ci il Nyu York Konvensiyası ilə tənzimlənir. Həmin Konvensiyanın əsas qaydalarından biri odur ki, tərəflər arbitraj barədə yazılı razılığa gəlmişlərsə işə baxan məhkəmə (Azərbaycan məhkəməsi) tərəflərin birinin xahişi ilə işi arbitraja yönəltməlidir.  Yəni bir qayda olaraq arbitraj sazişi və hər hansı bir tərəfin işi arbitraja yönəltmək xahişi məhkəmənin səlahiyyətini istisna edir.  

Ancaq Konvensiyada bu ümumi qaydadan istisnalar nəzərdə tutulur. Xüsusən Konvensiyanın II.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə tərəfləri arbitraja yönəltməkdən imtina edə bilər:

  • arbitraj sazişi etibarsızdır (null and void),
  • arbitraj sazişi artıq tətbiq edilmir (inoperative), və ya
  • arbitraj sazişini icra etmək mümkün deyil (incapable of being performed)

Sual ondadır ki, Ali Məhkəmənin icraatında olan işdə mübahisə predmeti olan müqavilə maddəsi bunlardan hər hansı birinin təsirinə düşürmü?  (Digər bir sual ola bilər ki, tərəflər ümumən arbitraj və ya xarici məhkəmənin səlahiyyəti barədə razılığa gəlmişlər.)

Bu işdə Ali Məhkəmə vəzifəsini yerinə yetirmişdir – tərəflərin niyyətinin və əhəmiyyət kəsb edən faktların qeyri-müəyyən (xüsusən “İngiltərə İqtisad Məhkəməsi” dedikdə nə nəzərdə tutulur) olduğuna görə və bu qeyri-müəyyənliyi aradan qaldırmaq üçün işi apellyasiya məhkəməsinə göndərmişdir.  

Apellyasiya məhkəməsi nə etməlidir

Fərz etsək ki, tərəflər arbitraj barədə razılığa gəlmək istəmişlər, apellyasiya məhkəməsi məhz bu suala cavab verməli idi:

Bu işdə mübahisə predmeti olan müqavilə maddəsi yuxarıda göstərilən istisnaların hər hansı birinin təsirinə düşürmü?

Bu sualın cavabı həm fakt, həm də hüquq məsələsidir. Ancaq müqavilənin maddəsindən müəyyən nəticə çıxarmaq olar.  Aydındır ki, müqavilənin maddəsi olduqca qeyri-müəyyəndir.  Bu qeyri-müəyyənliyin hüquqi nəticəsi fərqli ola bilər – misal üçün, Azərbaycan qanunvericiliyi əsasında maddə etibarsız ola bilər.  Ali Məhkəmənin qərarında olan faktlardan belə nəticəyə gəlmək olar ki, əgər tərəflərin niyyəti arbitraj barədə razılığa gəlmək olmuşsa, ən azından bu razılşamanı “icra etmək mümkün deyil” (incapable of being performed).  Tərəflər bilməyəcəklər konkret olaraq hara getsinlər, hansı prosdurdan istifadə etsinlər və sair – yəni belə bir razılaşmanı praktikada icra etmək mümkün deyildir. Bu səbəbdən də Azərbaycan məhkəməsi arbitraj sazişinə əhəmiyyət verməyə və işə özü baxa bilər. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *